ELM VƏ TƏHSİL
Nizami adına Ədəbiyyat İnstitutunda yeni islahatlarla əlaqədar növbəti iclas keçirilmişdir
Bakı, 17 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda aparılan islahatlarla əlaqədar institut rəhbərliyinin iştirakı ilə elmi informasiya şöbəsi əməkdaşlarının geniş iclası keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bidirmişlər ki, bu elm müəssisəsinin direktor vəzifəsini icra edən, akademik İsa Həbibbəyli şöbənin elmi informasiyalaşdırma sahəsində fəaliyyətinin daha da genişləndirilməsi, müasir elmi tələblərə cavab verən, yeni köməkçi sahələrin yaradılması, texnoloji proseslərin təkmilləşdirilməsi, kadr və digər məsələlər barədə çıxış etmişdir.
Sonra iclas iştirakçılarının fikir və təklifləri dinlənilmişdir. Yeni fəaliyyət istiqamətləri haqqında söylənilən fikirlər və irəli sürülən təkliflər nəzərə alınaraq elmi informasiya şöbəsinin adında dəyişiklik edilərək, elmi informasiya və tərcümə şöbəsi adlandırılması məqsədəuyğun sayılmışdır.
Elmi informasiya və tərcümə şöbəsinin tərkibində elmi nəşrlər və mətbuat qrupu yaradılmasına qərar verilmişdir.