CƏMİYYƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyəti Butros Butros-Qalinin vəfatı ilə bağlı açıqlama yayıb VİDEO
Bakı, 17 fevral, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) idarə heyəti BMT-nin sabiq baş katibi, Mərkəzin fəxri üzvü Butros Butros-Qalinin vəfatı ilə əlaqədar xüsusi açıqlama yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, açıqlamada NGBM təsis olunduğu gündən Mərkəzə daim dəstək olan Butros Butros-Qalinin Nizami Gəncəvi irsinin dünyaya çatdırılmasına, həmçinin dünyada sülhün bərqərar olunmasına mühüm töhfələr verdiyi qeyd olunub.
“Butros Butros-Qali həyatını daha ədalətli, stabil dünyanın qurulması, demokratikləşmə, qloballaşma və həmrəyliyin gücləndirilməsi kimi idealların təbliğinə həsr etmişdi. O, dialoq və əməkdaşlığın yorulmaz vəkili, insan hüquqlarının və mədəni müxtəlifliyin müdafiəçisi idi”, - deyə açıqlamada bildirilir.
Həmçinin qeyd edilir ki, Butros Butros-Qali dünyada sülhün bərqərar olmasına can atan görkəmli diplomat və intellektual idi. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü, yaxın dostu olub, Nizami Gəncəvi irsinin dünyaya çatdırılmasına böyük töhfələrini verib.
Qeyd edək ki, Butros Butros-Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü olub, təşkilatın beynəlxalq əlaqələrinin genişlənməsinə daim dəstək verib. O, 2015-ci ildə Bakıda keçirilmiş III Qlobal Foruma xüsusi videomüraciət ünvanlamışdı. 2014-cü ilin sentyabrında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təsis edilmiş Nizami Gəncəvi mükafatı ilə təltif olunub.