ELM VƏ TƏHSİL
Nizami Gəncəviyə həsr olunmuş onlayn konfrans
Bakı, 3 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Nizami yaradıcılığı: insanlığa və ədalətə çağırış” mövzusunda onlayn elmi-praktik konfrans təşkil olunub.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, konfransda BŞTİ-nin müdiri Mehriban Vəliyeva Nizami Gəncəvinin xalqımızın mədəni sərvətinə çevrilən əsərlərinin gənclər arasında təbliğinin önəmindən danışıb, ümumi təhsil məktəblərində dahi mütəfəkkirin irsinin layiqincə tədris edildiyini diqqətə çatdırıb.
M.Vəliyeva bu istiqamətdə Təhsil Nazirliyi və BŞTİ tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı BŞTİ-nin əmri ilə təsdiqlənmiş tədbirlər planına əsasən, şairə həsr olunmuş poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, seminarlar, onlayn açıq dərslər keçirilib, bədii və sənədli filmlər nümayiş olunub, həmçinin ədəbiyyatçılar və nizamişünaslarla görüşlər təşkil edilib.
Çıxış edənlər dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin Azərbaycanın zəngin mədəniyyətinin rəmzi, xalqımızın ümumbəşəri ideyalara sadiqliyinin aynası olduğunu vurğulayıblar. Bildirilib ki, Nizami Gəncəvi böyük humanist şair kimi hər zaman insan ləyaqətini tərənnüm edib.
Konfransda Nizami Gəncəvinin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.