MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində iki yeni filmin nümayişinə başlanılacaqdır
Bakı, 4 iyun (AZƏRTAC). İyunun 5-dən etibarən Nizami Kino Mərkəzində “Gələcəyin sərhəddində” və “Panzehir” filmlərinin nümayişinə başlanılacaqdır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, rejissor Daq Laymanın döyüş, fantastika janrında çəkdiyi “Gələcəyin sərhədində” filmi mimikalılar adlanan yadplanetlilərin Yer kürəsinə hücumundan bəhs edir. Yer kürəsinin orduları birləşərək planetin iri şəhərlərini toza döndərən, milyonlarla insan öldürən yadplanetlilərə qarşı mübarizəyə qalxırlar. Döyüşlərdə iştirak edən polkovnik-leytenant Bill Keydc və xüsusi alayın döyüşçüsü Rita Vrataski zaman düyününü açmaq üçün çətin maneələrdən keçirlər və sonda yadplanetliləri məhv edib Yer kürəsinin xilas etməyin yolunu tapırlar.
Filmdə baş qəhrəman obrazını məşhur Hollivud aktyoru Tom Kruz canlandırmışdır. Həmçinin rollarda Emili Blant, Lara Pulver, Ceremi Piven, Bill Pekston, Madlen Mantok, Şarlotta Rayli çəkilmişlər.
Türkiyə istehsalı olan “Panzehir” filmini gənc rejissor Alper Çağlar çəkmişdir. Məcara-ekşn və döyüş janrında olam film, uzun illər qaranlıq işlərlə məşğul olmuş və xəyanətə məruz qalmış mənəvi atasının işini açmağa qərar verən sərrast atıcıdan bəhs edir.
Rollara Türkiyə kinosunun tanınmış siması Cüneyt Arkın, Emin Boztepe, Tolga Akdoğan, xarici aktyorlardan Edoardo Costa, Christina Gottschalk, Florence Eugene və başqaları çəkilmişlər.