CƏMİYYƏT
Nizami rayonunda əlillərə ərzaq yardımı paylanılıb
Bakı, 2 dekabr, AZƏRTAC
Nizami rayonunda Beynəlxalq Əlillər Günü münasibətilə “Yaşıl bağ” istirahət mərkəzində tədbir keçirib.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat veriblər.
Tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxışında qeyd edib ki, Nizami rayonunda 6930 əlil qeydiyyatdadır, onlardan 121-i 18 yaşınadək olan uşaqlardır. O, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasında və bacarıqlarının üzə çıxarılmasında önəmli addımların atıldığını, əlil uşaqların təhsil almaları üçün xüsusi təhsil müəssisələri və internat məktəblərinin yaradıldığını, onların əməklə məşğul olmaları üçün xüsusi iş yerlərinin açıldığını bildirib. Bildirilib ki, həmin təbəqədən olanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, onların sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır, dövlət vəsaiti hesabına müxtəlif ölkələrdə müalicə və bərpa kursları keçirlər.
Çıxış edən I qrup əlilin anası Umaysad Mütəllibova, I qrup Qarabağ əlili Yarış Məmmədov və II qrup əlil Zivər İsmayılova əlillərə göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.
Tədbirin sonunda əlillərə ərzaq yardımı paylanılıb.