İQTİSADİYYAT
Nizami rayonunun qaz təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir
Bakı, 10 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Nizami rayonunun qaz təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin birinci yarısında rayonun qaz təsərrüfatı üzrə Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsindəki fərdi yaşayış evlərinin qaz xətlərinin küçəyə çıxarılması və “İtron” tipli sayğacların quraşdırılması üçün 5 min 91 paqometr müxtəlif diametrli qaz xətləri çəkilmişdir.
Dövlət Proqramına əsasən 30-cu sahə QPS-dən çıxan və Keşlə qəsəbəsinə gedən “Nizami-Keşlə” qaz kəmərindən M.H.Kazımov küçəsinə ayrılan 3 min 138 paqometr küçə xətti, 4085-ci məhəllədə müxtəlif diametrli 2 min 544 paqometr yeni xətti çəkilmiş, 38 min 955 ədəd mexaniki qaz sayğacı “Smart-kart” tipli sayğacla əvəz edilmişdir.
Rayonun əhali sektorunda 49 521 abonentə xidmət göstərilmişdir və onlardan 49 min 471 abonentə sayğac quraşdırılmışdır.