CƏMİYYƏT
Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusa BAMF-ın ali mükafatı təqdim edilib VİDEO
Bakı, 20 iyun, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü, “ADA” və İqtisad universitetlərinin birgə təşkilatçılığı ilə Bakıya səfər etmiş Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun “Kasıbların bankiri” (The Banker to the Poor) kitabının Azərbaycan dilindəki versiyasının təqdimatı keçirilib. Bu kitab BAMF tərəfindən Azərbaycan dilinə tərcümə olunub.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında keçirilən təqdimatda Milli Məclisin, beynəlxalq təşkilatların, səfirliklərin, vətəndaş cəmiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Tədbiri açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, “Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcümə edilməsi və bu kitabın dünya şöhrətli müəllif Məhəmməd Yunusun şəxsi iştirakı ilə Bakıda təqdimatının keçirilməsi əlamətdar hadisədir. O deyib: “Kitabın tərcümə prosesi ilə yaxından məşğul olan insan kimi deyə bilərəm, bu nəşr istər yaradıcılıq, istərsə də peşəkarlıq baxımından yeganə vəsaitlərdən biridir ki, onu oxuyan hər kəs həyatında dəyişikliyə ehtiyac olduğunu hiss edəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli qeyd edib ki, artıq bir neçə ildir Azərbaycanda Nobel mükafatçıları ilə görüşün səmərəli ənənəsi mövcuddur. “Kasıbların bankiri” kitabı yoxsulluqdan xilas olmaqda, cəmiyyətin çətinlikdən aydınlığa doğru inkişafında insan amilinin maliyyə amilindən üstün olması fikrini formalaşdırır. “Kasıbların bankiri” kitabını insan iradəsinin manifesti adlandıran İsa Həbibbəyli deyib: “Dərin insanlıq sevgisi, özünəinam, maarifçilik, böyük ümidlər bu kitabdan çıxarılan əsas nəticələrdir”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, Məhəmməd Yunusu nadir alimlərdən biri edən, ona Nobel qazandıran ən böyük üstünlük onun dəyişikliyə inamı olub.
“Siz bankların kasıb insanlarla işləyə biləcəyinə, Banqladeş cəmiyyətinin aşağıdan dəyişə biləcəyinə inanmısınız. Azərbaycanı da bugünkü inkişaf səviyyəsinə gətirən həmin inamdır. 1990-cı illərdə çoxsaylı sınaqlardan keçən Azərbaycan bu gün dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. Kasıblıq və işsizlik dəfələrlə aşağı salınaraq 5 faizdən də aşağı səviyyəyə endirilib, - deyə nazir müavini qeyd edib.
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının baş icraçı meneceri Timoti Tarrant Məhəmməd Yunusun Bakıya səfər etməsini çox yüksək qiymətləndirib, dünya iqtisadçılarının məhz onun araşdırmalarından ilhamlandığını bildirib.
Kitabının Azərbaycan dilinə tərcümə edilməsindən məmnunluğunu bildirən Məhəmməd Yunus Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində atılan addımları yüksək qiymətləndirib.
“Kitabın Azərbaycan dilində tərcümə olunmasında zəhmət çəkən hər bir şəxsə təşəkkür edirəm. Əslində bu kitabı yazanda onun bu qədər maraqla qəbul ediləcəyini gözləmirdim. Lakin reaksiyalar məni də təəccübləndirdi. İnkişafı davamlı olan Azərbaycan cəmiyyətinin də “Kasıbların bankiri” kitabından yüksək səviyyədə yararlanacağına ümid edirəm. Biz bu kitabda bir çox vacib məqamlara toxunmuşuq. Hər birimiz yoxsulluğun sıfır səviyyəsinədək endirilməsini arzu edirik. Azərbaycan bu hədəfə çox yaxındır”.
Yoxsulluğun sıfır səviyyəsinə endirilməsindən sonra gələcəkdə yoxsulluğun muzeyinin yaradılacağını deyən M.Yunus bildirib ki, Azərbaycan artıq bu istiqamətdə işlərə başlayıb.
Mərasimdə professor Məhəmməd Yunusa BAMF-ın ali mükafatı təqdim olunub.
Qeyd edək ki, bu mükafat indiyə qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyova təqdim edilib. Ali mükafat dünya miqyasında vətəndaş cəmiyyətinin inkişafına, beynəlxalq səviyyədə sosial, iqtisadi nailiyyətlər qazanılmasına töhfə verən, dünya elminin inkişafında rol oynayan, münaqişələrin həllində sülhü təbliğ edən ictimai xadimlərə təqdim edilir.