NÖQTƏ, TİRE, NÖQTƏ, TİRE...
Amma bu nöqtə və tirelər moda jurnallarından götürülən qadın paltarının ülgülərində yerləşdirildikdə Morze əlifbasını oxumaq son dərəcə çətindir.
AZƏRTAC İtaliyanın “Repubblika” qəzetinə istinadla xəbər verir ki, bu, İkinci dünya müharibəsi illərində nasistlərin Böyük Britaniyadakı qadın casuslarının kodlaşdırılmış məlumatı Üçüncü Reyxin müvafiq şöbəsinə adi poçtla göndərmək üçün yaratdıqları sistemlərdən biri idi. Britaniyanın məxfi orqanları bu dahiyanə ideyadan yalnız iki alman agent həbs edildikdən sonra xəbər tutmuş və Birləşmiş Krallıq onu ancaq indi, aradan 60 il ötdükdən sonra açıqlamağı qərara almışdır. Bu casusluq üsulundan Britaniya milli dövlət arxivlərinin ilk dəfə yaydığı məxfi sənədlərdə geniş danışılır.
Paltar ülgüsünə “yazılan” Morze əlifbası ilk baxışdan çox sadə görünsə də, əslində, ağlagəlməz bir sistemdir. Odur ki, çox olmasa da, müəyyən müddət ərzində ondan məharətlə istifadə edilmişdir. Özü də elə bir dövrdə ki, azacıq şübhə doğuran, bəzən də, heç nədən şübhəli bilinən hər bir adamın həyatının tükdən asıllı olduğu illərdə!
Qadın paltarının ülgüsünə “yazılmış” məxfi şifrdə deyilirdi: “Düşmən iri bölmələrin çox tezliklə köməyə gələcəyini səbirsizliklə gözləyir”. Qadın ətək geyiminə vurulmuş başqa bir naxışda xəbərdarlıq edilirdi: “Dünən Londona 15 uçan qala gəldi. Güman ki, onlar Almaniyanın Kil limanını bombalacayaq”.
1942-ci ildə nasistlərin iki casusunu həbs etməsi Britaniyanın əks-kəşfiyyatçılarına düşmənin kodunun şifrini açmağa imkan verdi və bundan sonra paltar ülgüsü “əməliyyatı” Çorçill üçün daha sirr olaraq qalmadı.
Amma Hitlerin casusları başqa üsullara da əl atırdılar. Məsələn, onlar həyatları bahasına topladıqları xəbərləri göndərmək üçün gözəgörünməz mürəkkəbdən istifadə edir və informasiyanın musiqi partituralarında, şahmat oyunlarının izahında və hətta “sevgili”lərinə göndərdikləri məktublarda gizlədirdilər.
Bütün bunlar adi poçt vasitəsilə bitərəf ölkələrə göndərilirdi. Odur ki, hərbi senzorların qarşısında hansısa hərbi əməliyyatın, hətta müharibənin gedişinə təsir göstərə biləcək, ilk baxışdan səmimi görünən bu “təhlükəsiz” sözləri oxumaq vəzifəsi dururdu.