SİYASƏT
Norveçin xarici işlər naziri Espen Bart Eide: Norveç Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır
Bakı, 14 yanvar (AZƏRTAC). Yanvarın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan norveçli həmkarı Espen Bart Eide ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirmişlər.
E.Məmmədyarov bildirmişdir ki, görüşdə Azərbaycan-Norveç əlaqələrinin inkişafı, enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.
Norveçin “Statoil Hydro” şirkətinin Azərbaycanda bir sıra layihələr həyata keçirdiyini vurğulayan nazir görüşdə bu istiqamətdə işbirliyinin daha da inkişaf etdirilməsi, qeyri-neft sektoruna sərmayələrin yatırılması, regiondakı vəziyyət, BMT-də əməkdaşlığın perspektivləri və digər məsələlərə dair fikir mübadiləsinin aparıldığını demişdir.
Azərbaycana səfərindən məmnun olduğunu bildirən E.Bart Eide qeyd etmişdir ki, Norveç ölkəmiz ilə bir çox sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır və bunun üçün geniş potensial mövcuddur. Norveçli nazir demişdir: “Biz Azərbaycan ilə enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik. Norveç və Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayırlar”.
Azərbaycanın müstəqillik dövründə nail olduğu inkişafı yüksək qiymətləndirən norveçli nazir ölkələrimizin bir sıra sahələrdə yaxın tərəfdaş olduqlarını vurğulamışdır. E.Bart Eide Norveçin “Statoil Hydro” şirkətinin 20, səfirliyin isə 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini qeyd etmişdir.