ELM VƏ TƏHSİL
NOTARİAT FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMAQ İSTƏYƏN NAMİZƏDLƏR ÜÇÜN TEST İMTAHANI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 24-də Azərbaycan Kooperasiya Universitetinin binasında Ədliyyə Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir.
Test imtahanının böyük mütəşəkkilliklə, tam şəffaf və obyektiv keçirilməsi üçün əvvəlcədən bütün zəruri təşkilati tədbirlər, geniş hazırlıq işləri görülmüş, namizədlərə imtahanda biliklərini nümayiş etdirmələri üçün hər cür şərait yaradılmış, ən xırda detallar belə nəzərə alınmışdır.
İmtahanın gedişini yerli və xarici müşahidəçilər izləmişlər.
Test imtahanında iştirakçı hüququ qazanmış 391 nəfərdən 335-i iştirak etmişdir. Qanunvericilik sahəsinə aid olan 80 sualın hər biri 1 balla qiymətləndirilir (cəmi 80 mümkün bal). Namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən 20 sualın hər biri 0,5 balla qiymətləndirilir (cəmi 10 mümkün bal).
Sənədlərini təqdim etmiş namizədlərin təxminən 40 faizi ölkəmizin regionlarını təmsil edir. Onların 30 faizi 30 yaşadək, 55 faizi 30 yaşdan 50 yaşadək olan şəxslərdir. İmtahanda və müsahibələrdə iştirak edənlər arasında ədliyyə, məhkəmə, prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışan, bələdiyyə qulluqçuları və vəkillik fəaliyyəti ilə məşğul olan namizədlərlə yanaşı, ilk dəfə əmək fəaliyyətinə məhz notarius kimi başlamaq arzusunda olanlar da vardır.
İmtahan və müsahibələrdə iştirak edən namizədlərə kömək məqsədi ilə test imtahanının keçirilməsi ilə bağlı, həmçinin imtahan suallarının hazırlanmasında istifadə olunan qanunlar və digər sənədlər barədə müvafiq məlumatı özündə əks etdirən “Yaddaş kitabçası” hazırlanmış və namizədlərə təqdim edilmişdir.
İmtahanın gedişini izləyən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin idarə rəisi Mehman Sultanov bildirmişdir ki, hazırda inkişaf etmiş Avropa ölkələrində özəl notariuslar fəaliyyət göstərirlər. Bizdə də bu istiqamətdə çox araşdırmalar aparılmış, qanunvercilikdə xeyli dəyişikliklər edilmişdir. Bunların nəticəsində ölkəmizdə özəl notariusların fəaliyyət göstərməsi üçün şərait yaranmışdır. Biz bu gün müstəqil respublikamızda ilk dəfə olaraq notariusların özəl qaydada fəaliyyət göstərmələri üçün test imtahanını həyata keçiririk.
Mehman Sultanov qeyd etmişdir ki, qaydalara əsasən üç saat davam edən test imtahanında namizədin hüquqi biliklərini və məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur. Mümkün 90 baldan 55 və daha çox bal toplamış namizəd ikinci mərhələyə - müsahibəyə buraxılacaqdır. İkinci mərhələdə isə hər bir namizədə 30 dəqiqə müddətində 5 sual veriləcəkdir. Həmin prosesdə 25 mümkün baldan 15 və artıq bal toplayanlar 3-cü mərhələyə, yəni tədris mərhələsinə keçəcəklər. Sonra onlar 6 ay müddətində tədris mərkəzində kurs keçəcəklər. Ondan sonra isə müsabiqə olacaqdır. Müsabiqədən keçənlər sonradan müstəqil qaydada notariat fəaliyyəti ilə məşğul olacaqlar.
Test imtahanının tam aşkarlıq və şəffaf şəraitdə keçdiyini deyən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini Namiq Babayev bildirmişdir ki, imtahanın yüksək səviyyədə təşkil edilməsi üçün əsas elementlərdən olan test suallarının hazırlanmasına Ədliyyə Nazirliyinin yüksək və təcrübəli əməkdaşları cəlb olunmuşdur. Nəticələrin elə həmin gün elan olunacağını söyləyən Namiq Babayev demişdir ki, imtahan bir binada keçirildiyinə görə biz səyyar skaynerlərimizi buraya gətirmişik və akt zalında quraşdırmışıq. Test imtahanı başa çatdıqdan sonra namizədlər həmin zala toplaşacaq, oxunma, elan və balların hesablanma prosesi onların gözləri qarşısında keçiriləcəkdir.
İmtahan hamı üçün eyni şəraitdə keçirilmiş, cavablar namizədlərin və müşahidəçilərin gözləri qarşısında yerindəcə yoxlanılaraq, nəticələr dərhal elan olunmuşdur. Test imtahanının yekunlarına görə 22 nəfər növbəti mərhələyə keçmişdir.