İQTİSADİYYAT
Növbəti hərracda 33 dövlət əmlakı özəlləşdirilib
Bakı, 13 fevral, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 13-də keçirilən növbəti hərracda 33 dövlət əmlakı özəlləşdirilib, 7 əmlak üzrə vətəndaşlar tərəfindən 17 sifariş qəbul edilib. Sifarişlərdən 4-ü elektron qaydada verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə özəl sektorun rolunun gücləndirilməsi, yeni müəssisələrin yaradılması məqsədilə yerli və xarici investorlar üçün imkanlar daha da genişləndirilir. Bu özünü investisiyaların təşviqinə və qeyri-neft sektorunun dirçəldilməsinə yönələn tədbirlərdə əksini tapır. Belə ki, iqtisadi bazanın sütunlarından biri olan özəlləşdirilmə prosesi sürətləndirilir, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi təmin edilir. Özəlləşdirilmə prosesi isə daşınmaz əmlak bazarında iqtisadi aktivliyin artmasına imkan verir.
Komitədən AZƏRTAC-a bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Elektron hərracın tətbiqi, sifarişlərin elektron qaydada verilməsi, paytaxt və regionlar üzrə cəlbedici müəssisələrin özəlləşdirilməyə çıxarılması prosesi investor marağını yüksəldir. Keçirilən hərraclar zaman iri investorların, kiçik iş adamlarının, gənclərin, eləcə də qadın sahibkarların fəallığı müşahidə edilir. Bununla da özəlləşdirilmənin sürətlənməsi ilə bağlı aparılan işlər öz nəticəsini verir. Özəlləşdirmə sayəsində Bakı ilə yanaşı, regionlarda yerləşən kiçik müəssisə və obyektlər, sənaye müəssisələri müasir texnologiya ilə təchiz edilir, yenidən fəaliyyəti təmin olunur.
Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi də hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradır. Belə ki, əksər əmlakların rəqabətli olması buna əyani sübutdur.
Qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsinə aid olan 2 dövlət əmlakı bir neçə investoru özünə cəlb edə bilib. Nəticədə paytaxtın Nərimanov rayonunda yerləşən əmlakın ilkin start qiyməti 10 min 800 manat olmasına baxmayaraq, 30 min 500 manata özəlləşdirilib. Qeyd edək ki, qeyri-yaşayış sahəsi üzrə özəlləşdirilən əmlaklardan 15-i Bakıda qalanları isə Gəncə, Sumqayıt və Bərdədə yerləşir.
Qeyd edək ki, budəfəki hərracda vətəndaşlarımız Elektron hərracın üstünlüklərindən faydalanıblar. Belə ki, alıcılardan biri paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə onlayn olaraq qoşulub.
Rəqabətli keçən hərracda özəlləşdirilən 33 əmlakdan 1-i səhmdar cəmiyyət, 3-ü kiçik dövlət müəssisəsi, 18-i qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 10-u isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyət, 2 kiçik dövlət müəssisəsi, 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 10 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili sahəsi özəlləşdirilib.
Özəlləşdirilən kiçik dövlət müəssisələrinin 2-si paytaxtın Sabunçu və Qaradağ rayonlarında digəri isə Abşeron rayonunda yerləşir. Abşeron rayonunda yerləşən 21 saylı mağaza xidmət sahəsində investorlar üçün yaxşı gəlir gətirə bilər. Bu obyektin ümumi faydalı sahəsi 206 kvadratmetr, torpaq sahəsi isə 250 kvadratmetrə yaxındır. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bundan başqa paytaxtın Sabunçu rayonunda yerləşən 22 saylı avtodayanacaq da sahibi üçün əlverişli əmlakdır.
Səhmdar cəmiyyət üzrə özəlləşdirilən əmlak Sabirabad Tədarük ASC-dir. Yarımçıq tikilisi isə Göyçay rayonunda yerləşən Barama Toxumu Zavodudur. Həmin əmlakın torpaq sahəsi 11 min kvadratmetrə yaxındır.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün “emdk.gov.az” və “privatization.az” portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Qeyd edək ki, özəlləşdirilmə prosesində 8 elektron xidmətin tətbiqi əmlak sahibi olmaq istəyən vətəndaşları, investorları özünə cəlb edir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur.