İQTİSADİYYAT
Novruz bayramı ərəfəsində Bərdə rayonunun daha üç kəndinə təbii qaz verilmişdir
Bərdə, 19 mart (AZƏRTAC). “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Bərdə rayonunun Piyadalar, Xanərəb və Çəmənli kəndlərinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışlar. Bildirilmişdir ki, Bərdə şəhərinin qazlaşdırılması başa çatdırılmış, 50 yaşayış məntəqəsi “mavi yanacaq”la təmin olunmuşdur. Hazırda rayonun 12 kəndində qaz çəkilişi aparılır, Qaradəmirçi kəndi ərazisində yeni avtomatik qaztənzimləyici stansiya quraşdırılır. 2013-cü ilin sonunadək rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulur.
Qeyd olunmuşdur ki, Piyadalar kəndinin qazlaşdırılması üçün 14 min 353 metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 205 evə fərdi qaz sayğacı quraşdırılaraq “mavi yanacaq” verilmişdir. Çəmənli kəndində 2232,8 metr qaz xətləri çəkilmiş, 32 ailə təbii qazla təmin edilmişdir. Xanərəb kəndinin qazlaşdırılması üçün 26 min 407 metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, hər bir evə fərdi qaz sayğacı quraşdırılaraq 417 ailəyə təbii qaz verilmişdir. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır.
Kənd sakinləri əziz bayram ərəfəsində bu gözəl töhfəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.