MƏDƏNİYYƏT
Novruz bayramı Mingəçevirdə təntənə ilə qeyd edilmişdir
Mingəçevir, 20 mart (AZƏRTAC). Novruz bayramı münasibətilə Mingəçevirdə el şənliyi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, martın 20-də səhər saatlarından başlayaraq atlı çaparlar musiqi sədaları altında şəhərin məhəllələrini gəzərək Novruzun gəlişini müjdələmişlər.
Şəhərin Heydər Əliyev meydanında müxtəlif sərgilər, Novruz personajları, milli adət-ənənələrimizin zənginliyindən soraq verən səhnəciklər bir-birini əvəz etmiş, küçələr, parklar və xiyabanlar bayramsayağı bəzədilmişdir. Səməni və Novruz xonçalarının müsabiqəsi təşkil olunmuşdur.
Məktəblilərin və gənc rəssamların əl işləri, tarix muzeyinin qədim əşyalardan ibarət sərgisi, idarə və təşkilat kollektivlərinin təqdim etdikləri bayram süfrələri meydana xüsusi rəng qatmışdır. Qız-gəlinlər kətə, yuxa, paxlava və qutab bişirmiş, nehrə asmış, yun daramışlar. Xonçalı qızların əhatəsində meydana daxil olan Dədə Qorqud və Bahar qızı yurdumuza əmin-amanlıq, bol ruzi-bərəkət arzulamışlar. Alqış sədaları altında Novruz tonqalı alovlandırılmışdır. Aşıqların xoş avazı, milli oyunlarımız, rəqs və folklor qruplarının, musiqi və teatr kollektivlərinin, idmançıların, kəndirbazların nümunəvi çıxışları, Keçəl və Kosanın məzəli əhvalatları tədbir iştirakçılarına xoş anlar yaşatmışdır. Şənlik boyu Novruz adətləri icra edilmiş, yumurta döyüşdürülmüş, yeyinti məhsullarından ibarət sərgi də təşkil olunmuşdur.
Bayram şənliyi maraqlı konsert proqramı ilə davam etmişdir.