CƏMİYYƏT
Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkünlərə maddi yardımlar edilmişdir
Bakı, 15 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) daim diqqət mərkəzində saxlanılan sosialyönümlü məsələlərdən biri də erməni işğalçıları tərəfindən doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə maddi və mənəvi dəstək göstərilməsidir.
AZƏRTAC xəbər verir ki, hər il dövlət bayramları ərəfəsində ARDNŞ təmsilçiləri şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları təqdim edirlər.
Artıq ənənə halını almış xeyriyyəçilik missiyasına sadiq qalan ARDNŞ tərəfindən bu günlərdə Novruz bayramı münasibətilə Ağdam rayonu “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələrində və Dördyol-Mamırlı ərazisində sığınacaq tapmış 10 min 522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4 min nəfər, Tərtər rayonunda müvəqqəti yaşayışla təmin olunmuş 13 min nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər qaçqın və məcburi köçkünə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılmışdır. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilmişdir. ARDNŞ nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Novruz bayramı münasibətilə təbrik etmiş, əmin olduqlarını bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaqdır.
Qəsəbələrin sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.