MƏDƏNİYYƏT
Novruz bayramına həsr olunmuş “Küləkli boyaların çərşənbəsi” mövzusunda sərgi açılmışdır
Bakı, 12 mart (AZƏRTAC). Martın 12-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə rəssamlarımızın Novruz bayramına həsr olunmuş əsərlərindən ibarət “Küləkli boyaların çərşənbəsi” mövzusunda sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, açılış günü Novruz bayramı ərəfəsində keçirilən dörd çərşənbədən üçüncüsünə, yel çərşənbəsinə təsadüf etdiyinə görə sərgi “Küləkli boyaların çərşənbəsi” adlandırılmışdır.
Sərginin əsas məqsədi Azərbaycan rəssamlarının bədii axtarışlarının müxtəlifliyini, onların yaradıcılıq dünyasının, bədii təfəkkür tərzinin genişliyini göstərməkdən, məhz Novruz bayramına həsr olunmuş, yeni yaradılmış sənət incilərinin nümayişindən, rəssamlarımızın yaradıcılığının dəstəklənməsi və təbliğindən ibarətdir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev hər il mart ayında Azərbaycan Rəssamlar İttifaqı ilə birgə ənənəvi olaraq müxtəlif yaş səviyyəsində olan rəssamlarımızın son illərdə bahar mövzusunda çəkdikləri əsərlərinin sərgisini təşkil etdiklərini bildirmişdir.
Bu əsərlərin bəzilərinin Dənizkənarı Milli Parkda keçirilən Novruz şənliklərində nümayiş olunduğu və daha sonra həmin işlərin bir qisminin Dövlət Rəsm Qalereyasının fondunu zənginləşdirmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alındığı vurğulanmışdır.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov Novruz bayramının rəssama yaraşan bayram olduğunu, təbiətin oyanışının, bahar təravətinin yaradıcı insanlara stimul verdiyini bildirmişdir. O, sərginin təşkilində əməyi olanlara təşəkkürünü bildirmiş və sərginin açılışı münasibətilə rəssamları təbrik etmişdir.
Sonra sərgiyə baxış olmuşdur. Sərgidə 70-ə yaxın rəssamın bir-birindən fərqliliyi, ayrı-ayrılıqda orijinallığı, üslub rəngarəngliyi ilə diqqəti cəlb edən, eyni zamanda Novruz adət-ənənələrinin və dəyərlərinin tərənnümü edən “Bahar”, “Novruz”, “Bahar rəqsi”, “Bahar qızı”, “Yazın gəlişi Kür sahilində”, “Butalı Novruz”, “Novruz təranələri”, “Bayram”, “Bahar bənövşəsi”, “Pəhləvanlar” və digər mövzularda 120-dən artıq əsəri nümayiş olunur.
Sərgi martın 16-dək davam edəcəkdir.