MƏDƏNİYYƏT
Novruz bayramına həsr olunmuş “Səməni, saxla məni” mövzusunda tədbir keçirilmişdir
Bakı, 15 mart (AZƏRTAC). Martın 15-də “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Şirvanşahlar Sarayı Kompleksində Novruz bayramına həsr olunmuş “Səməni, saxla məni” mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir Maştağa qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş 1 nömrəli internat məktəbinin uşaqları üçün təşkil olunmuşdur.
Tədbirin məqsədi xalqımızın çoxəsrlik tarixi ənənələrini və zamanın sınağından çıxmış mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramında kimsəsiz uşaqları sevindirməkdir.
İki hissədən ibarət bayram tədbirinin birinci hissəsi Şirvanşahlar Sarayında, ikinci hissəsi isə Kiçik Karvansarada keçirilmişdir.
Birinci hissədə AMEA-nın Folklor İnstitutunun “İrs” ansamblının ifasında xalq və aşıq musiqisi, milli rəqslər, eləcə də meydan-tamaşa, oyun və məzhəkələr nümayiş olunmuşdur.
Daha sonra bayram tədbiri Kiçik Karvansarada Bakı Humanitar Kolleci tələbələrinin hazırladıqları bayram proqramı ilə davam etmişdir.
Xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum uşaqlar üçün bayram süfrəsi açılmış və Novruz xonçaları bəzədilmişdir. Kimsəsiz uşaqlara bayram hədiyyələri təqdim olunmuşdur.
Sonda Bakının qədim hissəsi ilə tanışlıq məqsədilə internat məktəbinin uşaqları üçün İçərişəhərə və Şirvanşahlar Sarayına ekskursiyalar təşkil edilmişdir.