SİYASƏT
NOVRUZUN DÖVLƏT SƏVİYYƏSİNDƏ QEYD OLUNMASI ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
Bakı, 20 mart (AZƏRTAC). Təbiətin qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günü yurdumuza qədəm qoyur.
Hər birimiz baharı təmtəraqlı qarşılamaq üçün Novruz bayramına hazırlıq görürük. Azərbaycan xalqı heç vaxt bu təmtərağı bizə bəxş edən insanı unutmayacaq. Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsini xalqımıza ulu öndərimiz Heydər Əliyev qaytarmışdır.
Hazırda Novruz bayramının Azərbaycanın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruz sözün əsl mənasında, ümumxalq bayramı mahiyyətini qazanmışdır.
Ümummilli lider özü də bu gözəl bayramı sevir, ona həssaslıqla yanaşırdı. Novruz - xalqımızın milli mənəvi dəyərlərini bütün dolğunluğu ilə özündə əks etdirən gözəl bir bayramdır. Bu səbəbdən də uzun illər sovet ideologiyası digər milli dəyərlərimiz kimi, qədim Novruzu da xalqımızın yaddaşından silmək istəyirdi. Amma buna nail ola bilməmişdir. Bu ideologiyanın tüğyan etdiyi bir vaxtda Azərbaycan xalqı öz doğma Novruzunu qoruya bilmişdir.
Milli təfəkkürümüzün təcəssümü olan bu bayramı Azərbaycan xalqına birdəfəlik milli liderimiz Heydər Əliyev qaytarmışdır. Ulu öndər hələ sovet hakimiyyəti illərində bu istiqamətdə məqsədyönlü iş aparırdı. Xalqımızda milli özünüdərkin gücləndiyi 70-ci illərin əvvəllərində Heydər Əliyevin Novruz bayramının keçirilməsi ilə bağlı ziyalılara müraciətində “Mənim tapşırığımla deyil, qoy ürəkləri istədikləri şəkildə keçirsinlər” sözləri bunun təzahürü idi. O vaxtlar respublika rəhbərinin dediyi bu fikirlər zamanında qədərincə cəsarət və qətiyyət tələb edirdi. Tariximizdə ilk dəfə Novruz təqvimdə bayram günü kimi qeyd olunmuşdur. Bu, əslində ulu öndərimiz Heydər Əliyevin öz xalqına, milli mənəvi dəyərlərimizə qayğısının və məhəbbətinin ifadəsi idi.
Bayram şənliklərinin təntənəli keçirilməsi artıq ənənəyə çevrilmişdir. Təbiətin yenidən canlanmasını müjdələyən, yüksək insani dəyərləri tərənnüm edən Novruz xalqımızın əbədi bayramına çevrilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də xalqımızın zəngin və qədim adət- ənənələrinə, milli mənəvi dəyərlərimizə son dərəcə sayğı ilə yanaşır, milli birliyimizin rəmzinə çevrilmiş Novruz şənliklərinə qatılır.
Azərbaycanın son illərdə ən müxtəlif sahələrdə nail olduğu misilsiz uğurlar bu bahar günlərində hər evə, hər ailəyə həqiqi bayram əhvalı bəxş etmişdir. İctimai-mədəni həyatımızın daha da canlanması, iqtisadiyyatımızın yüksələn xətt üzrə davamlı inkişaf tempi, paytaxtımızı və bölgələrimizi bürüyən abadlıq-quruculuq işləri təbiətin dirçəlməsi və yeniləşməsi ilə həmahəng olub hər birimizdə nikbin ovqat yaradır, sabahkı günə dərin inam aşılayır.
Albina Atlıxanova
AZƏRTAC-ın müxbiri