ELM VƏ TƏHSİL
NOYABRIN 24-DƏ NOTARİAT FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMAQ İSTƏYƏN ŞƏXSLƏR ÜÇÜN İMTAHAN KEÇİRİLƏCƏKDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ədliyyə Nazirliyi ilə birlikdə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq istəyən namizədlər üçün noyabrın 24-də test imtahanı keçirəcəkdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, imtahanda iştirak etmək istəyən şəxslərin ərizələrinin qəbulu 2007-ci il mayın 10-dan avqustun 10-dək Ədliyyə Nazirliyinin Qeydiyyat Baş İdarəsi tərəfindən aparılmışdır. Mövcud qaydalara uyğun olaraq, dövlət və ya xüsusi notarius kimi işləmək istəyən Azərbaycan Respublikasının hər bir vətəndaşı ali hüquq təhsilinə malik olmalıdır.
Müsabiqədə iştirak etmək üçün 391 nəfər qeydiyyatdan keçmişdir.
Müsabiqə ilə bağlı elan www.justice.gov.az internet saytında yerləşdirilmişdir. İmtahanda iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı noyabrın 20-dən etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə, Ədliyyə Nazirliyinin inzibati binasında əldə edə bilərlər.
Namizədlər imtahana gələrkən «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda namizəd imtahana buraxılmır.
Test imtahanı Azərbaycan Kooperasiya Universitetinin binasında saat 10-da başlanacaq və 3 saat davam edəcəkdir. İmtаhаndа nаmizədlərə 100 suаl təqdim оlunаcаqdır. Qanunvericilik sahəsinə aid olan 80 sualın hər biri 1 balla qiymətləndirilir (cəmi 80 mümkün bal). Namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən 20 sualın hər biri 0,5 balla qiymətləndirilir (cəmi 10 mümkün bal).
İmtahanın yekununa əsasən, 55 və dаhа çox bal toplamış namizədlər növbəti mərhələyə - müsahibəyə burахılırlаr. İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdiriləcəkdir. Namizədlər imtahanın nəticələri barədə məlumat-arayışı sənədlərini təqdim etdikləri komissiyadan əldə edə biləcəklər.
Notarius müxtəlif sənədləri, hüquqi aktları təsdiq etmək vəzifəsini daşıyan rəsmi hüquqşünasdır. Notariat artıq neçə əsrlərdir ki, fəaliyyət göstərir və notarius hakimlikdən sonra yaranmış ikinci hüquqi peşədir. Notariat institutu mülki-hüquqi münasibətlərin tənzimlənməsində mühüm rol oynayır. Avropa ölkələrinin əksəriyyətində ənənəvi olaraq notarius əsas hüquqşünas sayılır, əhalinin ən zəruri və gündəlik hüquqi məsələlərini həll edir.
Azərbaycan Respublikasında 1999-cu ildə “Notariat haqqında” yeni qanun qəbul olunmuşdur. Azərbaycan Respublikasında dövlət notariusları rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqini və digər notariat hərəkətlərinin aparılmasını həmin qanunla müəyyən edilmiş qaydada həyata keçirirlər.