CƏMİYYƏT
“Nuh yurdu” intellektual oyununun zona birinciliyi keçirilmişdir VİDEO
Naxçıvan, 27 noyabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası (MR) Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Nuh yurdu” intellektual oyununun yeniyetmələr arasında MR üzrə zona birinciliyi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 18 komandanın iştirakı ilə keçirilən intellekt yarışında muxtar respublikanın hər rayonundan 2, Naxçıvan şəhərindən isə 4 komanda biliyini nümayiş etdirmişdir. Bu mərhələnin iştirakçıları cari ilin sentyabr-oktyabrında keçirilən rayon birinciliklərində yer tutaraq zona yarışlarına vəsiqə qazanmış yeniyetmələrdir.
Yarışda ilk 3 pilləyə yüksəlmiş Ordubad rayonunun “Günəş”, Naxçıvan şəhərinin “Şəfəq”, Culfa rayonunun “Culfa” komandaları daha bir mötəbər turnirə vəsiqə qazanmışlar. “Xəmsə” milli intellektual oyununun yeniyetmələr arasında 3-cü Azərbaycan çempionatında iştirak etmək hüququ qazanmış bu yeniyetmələr Naxçıvanı Muxtar Respublikasını təmsil edəcəklər.
Sözügedən bu intellekt yarışı dekabr ayında Naxçıvanda keçiriləcəkdir. Yarışda ölkənin 32 komandası birincilik uğrunda mübarizə aparacaqdır.