DÜNYA
Nyu-York qubernatoru vəzifəsinə Respublikaçılar Partiyasından namizəd Li Zeldin hücuma məruz qalıb
Vaşinqton, 22 iyul, AZƏRTAC
ABŞ Nümayəndələr Palatasının üzvü, Nyu-York ştatının qubernatoru vəzifəsinə Respublikaçılar Partiyasından namizəd Li Zeldin hücuma məruz qalıb.
Ştatın şimal hissəsində keçirilən bir tədbirdə əlində bıçaq olan bir kişi Li Zeldinə hücum edib. Konqresmenin seçkiqabağı komandasının bəyanatında bildirilir ki, Zeldinə ciddi zədə dəyməyib.
AZƏRTAC siyasətçinin seçkiqabağı komandasının nümayəndəsi Keti Vinsens istinadla xəbər verir ki, Zeldin öz tərəfdarları qarşısında çıxış edərkən naməlum şəxs səhnəyə çıxıb və konqresmeni vurmağa çalışıb. Perintonda baş vermiş hadisə barədə tviter şəbəkəsində yerləşdirilmiş videoda aşkar görünür ki, həmin kişi Zeldinin əllərindən tutub, sonra hər iki yerə yıxılıb.
Zeldinin seçkiqabağı kampaniyasının qərargahında bildiriblər ki, ona hücum edən şəxs tutulub, konqresmen isə çıxışını davam etdirib. Bu il noyabr ayında keçiriləcək qubernator seçkisində Li Zeldin hazırkı qubernator demokrat Keti Houkul ilə rəqabət aparacaq.
Respublikaçılar Partiyasının Nyu-York üzrə sədri Nik Lenquorti bildirib ki, hücum edən şəxs və ya onun silahı barədə hələlik ətraflı məlumat yoxdur. Ehtiyatda olan polkovnik-leytenant Zeldin 2015-ci ildən Lonq-Aylendin şərq hissəsini Konqresdə təmsil edir. Zeldin sabiq prezident Donald Trampın sədaqətli müttəfiqidir və 2020-ci il seçkilərinin nəticələrinin təsdiq edilməsinin əleyhinə səs vermiş respublikaçı konqresmenlər arasında olub.
AZƏRTAC -ın Vaşinqton bürosu