SİYASƏT
NYU-YORKDA BMT BAŞ MƏCLİSİNİN 64-CÜ SESSİYASI KEÇİRİLİR
Bakı, 15 sentyabr (AZƏRTAC). Sentyabrın 15-də Nyu-Yorkda BMT Baş Məclisinin 64-cü sessiyası öz işinə başlamışdır.
BMT Baş Məclisi çərçivəsində GUAM-ın üzvü olan ölkələrin XİN rəhbərlərinin növbəti iclasının, “GUAM+ABŞ”,“GUAM+Yaponiya” və “GUAM+Polşa” formatında görüşlərin keçiriləcəyi gözlənilir.
Bundan əlavə, Baş Məclisin sessiyasının gündəliyinə GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı məsələlər daxil edilmişdir.
Bu məsələlər BMT Baş Məclisinin 63-cü sessiyasının gündəliyinə daxil edilsə də, sonradan növbəti sessiyada müzakirəsi barədə qərar qəbul olunmuşdur.
Sentyabrın 21-dən 27-dək Nyu-Yorkda səfərdə olacaq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sessiyada çıxışı nəzərdə tutulmuşdur.