DÜNYA
Nyu-Yorkda göbələk və qarğıdalıdan qüllə inşa etmişlər
Bakı, 9 iyul (AZƏRTAC). Nyu-Yorkda, Müasir İncəsənət Muzeyinin qarşısında hündürlüyü 12 metrdən çox olan maraqlı bina ucaldılmışdır. Binanı fərqləndirən cəhət budur ki, inşaat üçün üzvi materiallardan - üyüdülmüş qarğıdalı saplağından və mitselidən (göbələklərin kök sistemi) istifadə olunmuşdur.
Hy-Fi adlandırılmış və “The Living” arxitektura firması tərəfindən “Young Architects Contest” müsabiqəsi üçün hazırlamış bu tikili yay mövsümü ərzində muzeyin qarşısında nümayiş etdirilmək hüququ qazanmışdır.
İnşaat işlərində formalarda hazırlanan 10 min kərpicdən istifadə olunmuşdur. Üzvi qatışığın möhkəm bloka çevrilməsi beş gün çəkir. Yüngüllüyü (450 qram) ilə seçilən bu kərpiclər çox möhkəmdir və təbii şəraitin ( külək, yağış, rütubət) üç illik təsirini üç həftə müddətinə stimullaşdıran “sürətləndirilmiş qocalmanın” köməyi ilə sınaqdan keçirilmişdir. “The Living”in nümayəndəsi Devid Bencamin demişdir: “Üç illik sürətləndirilmiş qocalmadan sonra material əvvəlki görkəmində qalmışdır”.
Üzvi kərpicləri nə dərəcədə perspektivli gələcək gözlədiyini demək hələlik çətindir, lakin onların ekoloji təmiz olması şəksizdir.