CƏMİYYƏT
Nyu-Yorkdakı Azərbaycan Mədəniyyət Mərkəzi qəsbkar Ermənistana təzyiq göstərilməsi ilə bağlı çağırış edib
Bakı, 15 sentyabr, AZƏRTAC
ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi (ACCNY) Ermənistanın ölkəmizin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribata etirazını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ACCNY rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü Telman Cəlilin imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecə saatlarından başlayaraq törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Bildirilib ki, Nyu-York şəhərində yaşayan Azərbaycan əsilli amerikalılar yaranmış durumdan dərin narahatlıq hissi keçirir. Çünki beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində aparılan normallaşma və sülh prosesinə hər vəchlə əngəl törətməyə çalışması göz önündədir.
ACCNY üzvləri yerli və beynəlxalq ictimaiyyətə Ermənistanın təcavüzkar siyasətinə və revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində təzyiq göstərilməsi ilə bağlı çağırış edib.