SİYASƏT
“NYU-YORKUN AZƏRBAYCAN ASSOSİASİYASI” ŞUŞANIN İŞĞALI İLƏ BAĞLI BMT BİNASI QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 8-də ABŞ-da fəaliyyət göstərən “Nyu-Yorkun Azərbaycan Assosiasiyası” diaspor təşkilatının bir qrup üzvü 16 il bundan əvvəl Ermənistanın təcavüzkar siyasətinin qurbanına çevrilən Şuşa şəhərinin işğalı ilə bağlı etiraz aksiyası keçirmişdir. BMT-nin baş qərargahı qarşısına toplaşan Assosiasiya fəalları əllərində “Dağlıq Qarabağdakı cinayətkar rejimə son qoyulsun”, “Ermənistanın Azərbaycan torpaqlarını işğalını dayandırın” şüarlarını tutaraq, ABŞ-ı işğalçı Ermənistana maliyyə yardımını dayandırmağa çağırmışlar. Diaspor üzvləri, həmçinin Nyu-Yorkun mərkəzi küçəsi ilə keçən sakinlərə və BMT binasına daxil olan diplomatlara Azərbaycanın 20 faiz torpaqlarının qonşu Ermənistan tərəfindən zəbt edilməsi və bu təcavüzkar siyasətin dəhşətli nəticələrini açıqlayan məlumat vərəqələri paylamışlar.
######