O XAL NƏ XALDIR...
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Britaniya alimlərinin qənaətinə görə, insanın bədənindəki xalların sayı əsasında həmin şəxsin orqanizmində qocalma proseslərinin nə dərəcədə sürətlə getdiyini müəyyən etmək olar.
1800 əkizin üzərində aparılmış tədqiqatlar göstərmişdir ki, insanın xalı nə qədər çoxdursa, DNT-sində qocalmadan qorunma üçün xüsusi mexanizmlər olması ehtimalı bir o qədər yüksəkdir.
Bu nəticələr alimləri heyrətləndirmişdir, çünki bundan əvvəl sübut edilmişdi ki, xalların sayının çox olması melanoma xəstəliyinin inkişaf etməsi riskini artırır və dəri xərçənginin ağır formasına gətirib çıxarır.
Bir qayda olaraq, xallar uşaq yaşlarında yaranır və insan yaşa dolduqca xallar yox ola bilər. İnsanın bədənində orta hesabla 30-a qədər anadangəlmə xal olur, lakin bəzi hallarda onların sayı 400-ə çatır.
Alimlər xalların sayı ilə “bədənölçən”lərin uzunluğu arasında müəyyən əlaqə olmasını aşkar etmişlər (“bədənölçən” dedikdə insanın ürəyinin, əzələlərinin, sümüklərinin və arteriyalarının qocalma indikatorları olan genlərin ucları nəzərdə tutulur). “Bədənölçən”lər çox qısa olduqda hüceyrə bölünmür və məhv olur.
Alimlər əkizlərin bədənindəki xalların sayını və “bədənölçən”lərin uzunluğunu müqayisə edərək gözlənilməz nəticəyə gəlmişlər: bədənində xalların sayı yüz və daha çox olanlarla xalların sayı 25-dən çox olmayanlar arasında bioloji yaş fərqi 6-7 ilə bərabərdir.
Alimlər ümid edirlər ki, onların bu kəşfi gələcəkdə stenokardiya və osteoporoz kimi yaş xəstəliklərinə qarşı mübarizə aparmağa kömək edəcəkdir.
Britaniyalı onkoloqlar isə belə hesab edirlər ki, bu araşdırmaların nəticələrinin əlavə təsdiqlənməyə ehtiyacı vardır. Hələlik isə onlar bədənində xalların sayı çox olan insanlara israrla özlərini günəşdən qorumağı məsləhət görürlər.