DÜNYA
Obama ilə Ruhani arasında telefon söhbəti İran tərəfin təşəbbüsü ilə olmuşdur
Bakı, 28 sentyabr (AZƏRTAC). ABŞ Prezidenti Barak Obama ilə İran Prezidenti Həsən Ruhani arasında telefon söhbəti İran tərəfin təşəbbüsü ilə olmuşdur.
Bu barədə məlumat verən Ağ Ev nümayəndəsinin sözlərinə görə 15 dəqiqə davam etmiş söhbət səmimilik şəraitində keçmişdir.
Ağ Ev nümayəndəsi xatırlatmışdır ki, Amerika administrasiyasının rəhbəri BMT-nin Baş Məclisinin Nyu-Yorkda keçirilən sessiyası zamanı İran lideri ilə şəxsən söhbət etmək istəyirdi, lakin həmin görüşün təşkili ilə əlaqədar yaranmış çətinliklər buna imkan verməmişdir.
Ağ Evin nümayəndəsi bu məsələni dəqiqləşdirərək demişdir: “Cümə günü iranlılardan eşitdik ki, Prezident Ruhani Nyu-Yorkdan gedənə qədər Prezident Obama ilə telefonla söhbət etmək istəyir. Beləliklə, telefon söhbəti təşkil edilmişdir”. O bildirmişdir ki, söhbət zamanı hər iki ölkənin liderləri İranın nüvə problemini dinc yolla tənzimləmək əzmində olduqlarını bildirmişlər.
Ruhani ilə telefon söhbəti barədə birinci olaraq Obama özü Ağ Evdə jurnalistlər qarşısında çıxışında məlumat vermişdir.
ABŞ Prezidenti bildirmişdir ki, İranın nüvə probleminin tənzimlənməsi yolunda əngəllərin çox olmasına baxmayaraq, bu tənzimləməni mümkün hesab edir.
Prezident Obama demişdir: “1979-cu ildən bəri ilk dəfədir ki, Amerika və İran prezidentləri arasında söhbət olmuşdur. Bu faktın özü ölkələrimiz arasında dərin etimadsızlıq olmasına dəlalət edir, lakin bu fakt həm də yaranmış mürəkkəb vəziyyətə son qoymağın mümkün olmasını göstərir. Şübhəsiz, bu məsələnin həlli Birləşmiş Ştatlarla İran İslam Respublikası arasında yeni, qarşılıqlı marağa və hörmətə əsaslanan münasibətlər yaranması yolunda irəliyə doğru böyük addım ola bilər”.