SİYASƏT
“Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd edilmişdir
Riqa, 31 dekabr (AZƏRTAC). Riqada fəaliyyət göstərən “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzi əsas məqsədi Latviyada yaşayan bütün azərbaycanlıların sıx birləşməsinə nail olmaq, bu ölkədə yaşayan Azərbaycan gənclərinin istedadlı nümayəndələrini dəstəkləməkdir. Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə Mərkəzdə keçirilmiş tədbir gənc nəslin öz tarixi Vətəninə, ana dilinə, milli-mədəni irsə və ənənələrə münasibətinin növbəti təzahürü oldu.
Azərbaycanın Latviyada səfirliyinin əməkdaşlarının da iştirak etdiyi bayram şənliyində Günay Əliyevin rəhbərliyi ilə Bazar günü məktəbinin şagirdləri “Azərbaycan” mahnısını və “Yallı” rəqsini ifa etdilər. Balaca Səyyaf və Çimnaz “Arşın mal alan” tamaşasından Telli ilə Vəlinin dialoqunu, Sənan, Aida və Aynur isə “O olmasın, bu olsun” tamaşasından bir parçanı təqdim etdilər.
Tədbirdə çıxış edən Azərbaycan diasporunun ağsaqqalı Adıgözəl Məmmədov həmyerlilərimizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik etmişdir.
Tədbirin sonunda Şaxta baba uşaqlara hədiyyələr təqdim etmişdir.
Nigar Cəfərli,
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa