İDMAN
“Ocaq Sport” klubunun gimnastları gənclər və böyüklərin yarışında da ilk üç pillədə qərarlaşıblar
Bakı, 11 avqust, Göyçək Mahmudlu, AZƏRTAC
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, gənclər (2003-2005-ci il təvəllüdlü) və böyüklər (2002-ci il təvəllüdlülər və ondan böyük) arasında top, gürz, halqa və lentlə hərəkətlərdə fərdi proqramda çoxnövçülük üzrə qalib və mükafatçılar müəyyənləşib. Gənclər arasında mübarizədə Yelizaveta Luzan, Arzu Cəlilova və Nərminə Səmədova müvafiq olaraq qızıl, gümüş və bürünc medallara layiq görülüblər. Böyüklərin yarışında isə Zöhrə Ağamirova, Veronika Qudis və Dərya Sorokina müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. Hər iki yaş kateqoriyasına aid olan gimnastlar “Ocaq Sport” klubunun yetirmələridir.
Gənclər arasında halqa, top, gürzlər və lentlə yarışlarda ayrı-ayrılıqda 8 ən yaxşı nəticə göstərən gimnast avqustun 12-də qalib adı uğrunda yarışmaq hüququ qazanıb. Bundan əlavə, çempionatın sonuncu günündə balaca gimnastlar alətsiz və topla, yeniyetmələr isə lentlə hərəkətlərdə qrup yarışlarında mübarizə aparacaqlar.
Xatırladaq ki, yarışlarda Bakı Gimnastika Məktəbini, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə” İdman klublarını, “Sərhədçi” İdman Olimpiya Mərkəzini, Respublika Kompleks İdman Məktəbini, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən 117 gimnast mübarizəyə qoşulub.