DÜNYA
Ödənilməyən vergiyə görə cəzanı Lionel Messinin atası çəkəcək
Bakı, 6 oktyabr, AZƏRTAC
İspaniyanın baş prokurorluğu Argentina yığma komandasının və “Barselona” futbol klubunun hücumçusu Lionel Messiyə vergidən yayınma işi üzrə ittiham irəli sürməməyi qərara alıb. Bununla yanaşı, belə görünür ki, cəzaya bir neçə il ərzində futbolçunun maliyyə məsələlərini idarə edən atası məruz qalacaq.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, hüquq mühafizə orqanları bir sıra məşhur idmançıları, o cümlədən Lionel Messini vergiləri ödəməməkdə şübhəli bilir. Ona görə də argentinalı futbolçu İspaniyada istintaq orqanları ilə əməkdaşlıq edərək, dövlət xəzinəsinə 10 milyon avrodan çox pul ödəyib. Bununla belə, onun üzərindən ittiham tam götürülməyib.
Eyni zamanda, TASS informasiya agentliyi Marsa ispan nəşrinə istinadla bildirir ki, ittiham tərəfi məşhur futbolçunun atası Xorxe Orasio Messiyə 18 aylıq azadlıqdan məhrumetmə cəzası istəyib.
Əvvəllər ata və oğul Messinin vergi orqanlarına 2,5 - 4 milyon avro ödəmədikləri bildirilirdi.