Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq, elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumatın təqdimedilmə formasının və müddətinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 avqust tarixli 2297 nömrəli Fərmanının 3-cü hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası

QƏRARA ALIR:

1. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq, elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumat forması” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Kollegiya Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş məlumat forması elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara ödəniş hesabları açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilir.

3. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

4. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Zamanovaya tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində rəsmi dövri mətbu nəşrdə dərc edilməsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.

5. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.

Sədr,

İqtisadiyyat naziri

Mikayıl Cabbarov

Ətraflı:

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin