REGİONLAR
“Odlar yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları mükafatlandırılıb
Sumqayıt, 22 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində (SDU) təşkil edilən “Odlar yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin bağlanış mərasimi keçirilib.
SDU-nun yüksək səviyyədə ev sahibliyi etdiyi “Odlar yurdu Azərbaycana səyahət” layihəsinin yay məktəbi çərçivəsində müxtəlif seminar, görüş, dəyirmi masa, Azərbaycanın qabaqcıl ali məktəblərində konfranslar, əlverişli turizm məkanlarına ekskursiya təşkil edilib. Respublikamıza qonaq gələn tələbələr ölkəmizin tarixi-memarlıq abidələri, təbiəti və milli mətbəxi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, layihənin yekun tədbirini universitetin rektoru, professor Elxan Hüseynov açaraq yay məktəbinin təşkilinin qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini bildirib. Qeyd edib ki, gənclər bilik və bacarıqlarını artırmaqla yanaşı, Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olublar. Eləcə də respublikamızda fəaliyyət göstərən universitetlərlə tanışlıq yeni dostlar qazanmaq və təcrübə mübadiləsi üçün əla fürsət yaradıb.
Sonra Elxan Hüseynov “Odlar yurdu Azərbaycana səyahət” layihəsinin iştirakçılarına sertifikat və qiymətli hədiyyələr təqdim edib.
Tələbə yay məktəbinin iştirakçıları layihənin təşkilində göstərdiyi köməyə görə Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədrlərinə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, iyulun 14-dən 21-dək keçirilmiş tələbə yay məktəbində Rusiya Federasiyası və yerli ali təhsil müəssisələrindən, ümumilikdə 70-ə yaxın tələbə iştirak edib.