ELM VƏ TƏHSİL
“ODLAR YURDU” UNİVERSİTETİNİN ORTA ÜMUMTƏHSİL İNNOVASİYALAR MƏKTƏBİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, dekabrın 14-də “Odlar Yurdu” Universitetinin orta ümumtəhsil innovasiyalar məktəbi (British School in Baku) açılmışdır.
Tanınmış elm və təhsil işçilərinin iştirak etdikləri açılış mərasimində məktəbin icra ofisinin rəhbəri, hüquq elmləri doktoru Samir Vəliyev ümummilli liderimiz Heydər Əliyevin elm və təhsilimizin inkişafına daim böyük əhəmiyyət verdiyini, ulu öndərimizin məqsədyönlü siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Təhsilimizin beynəlxalq təhsil sisteminə uğurlu inteqrasiyasını qeyd edən natiq, eyni zamanda, açılan yeni təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, orta təhsil verəcək yeni məktəbdə dərslər ingilis dilində keçiləcəkdir. Böyük Britaniyadan olan mütəxəssislərin də çalışacağı bu məktəbi bitirənlərə attestatla bərabər, beynəlxalq sertifikatlar veriləcəkdir. Məzunlar dünyanın aparıcı universitetlərinə qəbul olunmaq imkanı əldə edəcəklər.
Hazırda təhsil ocağında 14 ölkədən olan şagirdlər təhsil alırlar.
Universitetin rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyev, təhsil nazirinin müavini Elmar Qasımov və digər natiqlər də təhsilimizdə qazanılan nailiyyətlərdən danışmış, müəllim və şagirdlərə uğurlar arzulamışlar.