OĞRULAR CƏZALARINA ÇATMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, paytaxtın H.Əliyev küçəsindəki İnternet-klubda Quba rayon sakini Elgün Dadaşova məxsus, içində 61 manat olan çanta oğurlanmışdır.
Çantanı oğurlamış Pirşağı qəsəbə sakini Mirismayıl Yusifov Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşdur.
Ü.Bünyadzadə küçəsindəki “Abu-Bəkr” məscidində Bakı şəhər sakini Qəhrəman Cabbarova məxsus 2 ədəd mobil telefonu oğurlamış Qax rayon sakini Vasif Əzizov Nərimanov Rayon Polis İdarəsi 18-ci bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur.
Bu il iyunun 17-də Ağsu rayonunun Padar-Qışlaq kəndində İsmayıllı rayon sakini Yusif Əhmədova məxsus fermadan 1,4 ton arpa oğurlanmışdır. Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş İsmayıllı rayon sakini Nemət Bayramov həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilmişdir.
“Azəriqaz ” QSC-yə məxsus 800 metr uzunluğunda qaz kəmərini kəsərək oğurlamış Sumqayıt şəhər sakinləri Şamoy Məhərrəmov, Fəxrəddin Qarayev və Nizami Nəsibov Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar. Onların cari il mayın 12-si və 15-də “Azəriqaznəql” İB-yə məxsus, istismarı dayandırılmış Qaradağ-Sumqayıt magistral qaz kəmərindən 900 metr uzunluğunda borunu kəsərək oğurlamaları müəyyən edilmişdir.
Faktlarla bağlı cinayət işləri açılmışdır, təhqiqat aparılır.