OĞRULAR MƏSULİYYƏTƏ CƏLB EDİLMİŞLƏR
Bakı, 2 avqust (AZƏRTAC). İyunun 24-də Sədərək Ticarət Mərkəzində Elman Həsənova məxsus valyutadəyişmə məntəqəsindən oğurluq etmiş Lənkəran rayon sakini Zaur Kərimov Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Balaxanıneft NQÇİ-nin 7 №-li NQÇS-dən 30 metr kabel oğurlamış Babək rayon sakini Ramiz Baxşəliyev Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. R.Baxşəliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyulun 31-də həmin NQÇS-dən 35 metr kabel oğurlaması da müəyyən edilmişdir.
İyulun 31-də Sumqayıt şəhərində yerli sakin Tamilla Şirinovaya məxsus 50 manat pul və şəxsiyyət vəsiqəsini çantasından oğurlamış həmyerlisi, əvvəllər məhkum olunmuş Mehdi Həsənov Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
İyulun 31-də Atbulaq kəndində yerli sakin Əhmədov Mübariz Soltan oğlunun idarə etdiyi “MAZ” markalı Az-30-AC-234 №-li avtomaşın nəzarət qaydasında saxlanılmışdır. Avtomaşına baxış zamanı orada 3 tonadək dəmir künclük aşkar edilmişdir. Araşdırmalar zamanı künclükləri Salyan rayonunun Xıdırlı kəndində fəaliyyət göstərməyən balıqçılıq təsərrüfatından M.Əhmədov, həmkəndliləri Məmmədov Rəsul Məhəmməd oğlu, Fərhadov Mahir Nizaməddin oğlu və Qəhrəmanov Sərvər Əliqardaş oğlu tərəfindən oğurlanması müəyyən edilmişdir. Onlar Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktla bağlı cinayət işləri açılmış, araşdırma aparılır.