OĞRULAR MƏSULİYYƏTƏ CƏLB EDİLMİŞLƏR
Bakı, 22 sentyabr (AZƏRTAC). Sentyabrın 14-də Sumqayıt Texnologiyalar Parkının Kabel Zavoduna məxsus anbardan oğurluq etməkdə şübhəli bilinən şəhər sakinləri Həzi Süleymanov və Mövlud Balayev Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
M.Balayevin ətrafında keçirilmiş tədbirlər nəticəsində onun avqust ayında Sumqayıt şəhər sakini Ramil Kamalov ilə birgə “STR” zavodundan mis kabelləri oğurlaması müəyyən edilmişdir. R.Kamalov tutulmuşdur.
İyunun 27-də Yusif Həbibovun kompyuterini, Mirqulam Əliyevin isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Aslan Mətlubi Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Vəli Gözəlovun evindən oğurluq etməkdə şübhəli bilinən Maştağa qəsəbəsinin sakinləri Aftandil Səfərov və Mirağa Əliyev Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişlər.
Metronun 28 May stansiyasında paytaxt sakini Əsmərxanım Zahidovanın çantasından oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini Esmira Səfərova Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.