OĞRULAR MƏSULİYYƏTƏ CƏLB OLUNACAQLAR
Bakı, 12 dekabr (AZƏRTAC). Sahil Zalova məxsus mağazadan 25 mobil telefon oğurlamış Binə qəsəbəsinin sakini Namiq Qulamov Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Dekabrın 8-də Rafiq Əhmədovun bağ evindən oğurluq etmiş Binə qəsəbəsinin sakini Vüqar Babayev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları isə İlhamə Nadirovanın evindən oğurluq etmiş Nardaran qəsəbəsinin sakini Elxan Abbasovu tutmuşlar.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları dekabrın 8-də İlqar Bəkirova məxsus “VAZ-21011” markalı avtomaşını qaçırmış Nurlan Ağamuradovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun sentyabrın 3-də Sahil Cavadova məxsus “VAZ-2106”, oktyabrın 10-da Etibar Əhmədova məxsus “VAZ-2106” , oktyabrın 15-də Səfixan İsmayılova məxsus “ VAZ-2104” və noyabrın 11-də Hüseyn Kazımova məxsus “VAZ-2104” markalı avtomaşınlarını qaçırmasını müəyyən etmişlər.
Dəvəçi rayonunda yerli sakin Aydın Qafarova məxsus mağazadan 150 manat oğurlanmışdır.
Hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Səxavət Kərimov Dəvəçi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq məsuliyyətə cəlb edilmişdir.
Dəvəçi Şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı Ofeliya Əhmədovaya məxsus bankomat kartı naməlum şəraitdə oğurlanmışdır. Hadisəni törətmiş rayon sakini Solmaz Hüseynova Dəvəçi Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş və onun bankomatdan 120 manat çıxarması müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.