OĞRULAR YAXALANMIŞLAR
Bakı, 25 fevral (AZƏRTAC). Əzizbəyov Rayon Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları oğurluq etdiyinə görə Ruslan Dadaşovu tutmuşlar. Onun 2009-cu ilin noyabrından cari il fevralın 10-dək Mərdəkan qəsəbə sakinlərinin evlərindən elektrik alətləri, ərzaq məhsulları və ev əşyaları oğurlaması da müəyyən edilmişdir.
Fevralın 24-də Moskva prospektində əvvəllər məhkum olunmuş Oqtay İsmayılov Bakı şəhər sakini Sədaqət Əzizovanın cibindən 50 manatını oğurlayarkən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır. Ondan 0,483 qram narkotik vasitə olan heroin götürülmüşdür.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü bölməsinin əməkdaşları fevralın 13-də Aytən Əliyevanın evindən oğurluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Əliyevi saxlamışlar.
Fevralın 24-də Nizami rayonunun NZS qəsəbə sakini Aral Nəcəfov polisə zəng edərək, evindən oğurluq etmiş şəxsi tutması barədə məlumat vermişdir. Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinin əməkdaşları A.Nəcəfovun evindən 2 mobil telefon və 1 gödəkçəni oğurlayarkən yaxalananın Bakı şəhər sakini Elşad Aşurlu olmasını müəyyən etmişlər. E.Aşurlunun Şərifli küçəsində yaşayan Validə Rəhmanovanın evindən də ev əşyaları oğurlaması müəyyən edilmişdir.
Fevralın 22-də F.Abdullayevin evindən və V.Adıgözəlova məxsus çayxanadan oğurluq etmiş Gəncə şəhər sakini Elvin Mirzəyev Gəncə şəhərinin Nizami Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Fevralın 24-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində Salyan rayon sakinləri İsrail Şahbazov və Məmməd Şahbazov “DİA-Holdinq” şirkətinin tikinti sahəsindən elektrik avadanlığı oğurlayarkən Baş Mühafizə İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsinin əməkdaşları tərəfindən yaxalanaraq cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Faktlarla bağlı araşdırmalar aparılır.