Oğrular yaxalanmışlar
Bakı, 7 dekabr (AZƏRTAC). Dekabrın 4-də Bakı-Yevlax sərnişin qatarının bələdçisi X.Bağıyevanın çantasını oğurlamaqda şübhəli bilinən Məsmə Əliyeva Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Dekabrın 1-də A.Aqraxova məxsus avtomaşından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Cəlal Ağayev və Həmid İsgəndərov Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişlər. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların E.Əmirxanova, A.Hüseynova, P.Şükürova, F.Abbasova və S.İbrahimova, N.Quliyevə və A.Abdullaha məxsus avtomaşınlardan oğurluq etmələri də müəyyən edilmişdir.
Sulutəpə qəsəbəsində M.Ə.Rəsulzadə qəsəbəsinin sakini Ayatxan Salmanova məxsus yeni tikilmiş evdən 1300 manat dəyərində inşaat materialları oğurlanmışdır. Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Gülağa Salahov tutulmuşdur.
Dekabrın 5-də B.Kərimovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən İsgəndər Ociyev Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.