CƏMİYYƏT
Oğurluq etdiyinə görə saxlanılmış şəxsin digər cinayət əməlləri də üzə çıxmışdır
Bakı, 14 iyun (AZƏRTAC). Salyan rayonunda Fikrət Quliyev oğurluq etdiyinə görə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, həmin şəxs rayon sakinləri Şirin İsayev və Röyal Əmənovla birgə Məmmədsadıq Nəcəfovun evinə soxulmuş, onu və həyat yoldaşını bıçaqla hədələyərək evdən pul aparmışlar.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əmənov yaxalanmışdır. Ş.İsayevin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Eləcə də F.Quliyevin Zahid Səmədovla əlbir olaraq Elşən Fərəcovun evindən səkkiz min manat pul, habelə Ş.İsayevlə birgə Şorsulu kənd sakini Qorxmaz Ağayevə məxsus mağazadan spirtli içkilər və tütün məmulatı oğurladıqları da aşkar edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.