Oğurluq üstə saxlanılmışlar
Bakı, 8 dekabr (AZƏRTAC). Oktyabr ayında Xırdalan şəhərində Eyvaz Rüstəmova, Nəbi İslamova və Elmira Əsgərovaya məxsus bankomat kartlarından istifadə etməklə onlara məxsus, müvafiq olaraq 257, 80 və 85 manat pulu bankomatdan çıxararaq oğurlamaqda şübhəli bilinən İslam Hüseynov Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Xaçmaz rayon sakini Azik Qadaşova məxsus mağazadan 350 manat dəyərində dəri gödəkcəni oğurlamaqda şübhəli bilinən Orxan Məmmədov Baş Mühafizə İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Dekabrın 4-də Lənkəran konserv zavodundan 70 çuqun plitəni oğurlamaqda şübhəli bilinən Teymur Əsgərov və Allahyar Ağayev Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Pərviz Hüseynova və Azər Turabova məxsus avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən Orxan Bağırov və Nurlan Fərəcov Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişlər.
Noayabrın 23-də F.Yaqubova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Feruz Əsədov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da Rusiya vətəndaşı Xedi Cipiyevanın çantasından oğurluq etməkdə şübhəli bilinən Sevda Nuriyeva saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.