Oğurluq üstə yaxalanmışlar
Bakı, 27 oktyabr (AZƏRTAC). Oktyabrın 25-də Q.Davidova məxsus mağazadan oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Əhmədov şəhər polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, həmyerlisi Ravil Cəfərovun yeri isə müəyyən edilmişdir.
R.Əhmədov və R.Cəfərovun oktyabrın 23-də Xətai rayonu M.Hadi küçəsində paytaxt sakini Gülnarə Vəliyevaya məxsus içərisində 1 ədəd mobil telefon, 12 manat pul və şəxsi əşyaları olan çantasını, oktyabrın 26-da isə 9-cu mikrorayonda (Sumqayıt) Şəhla Əmiraslanovaya məxsus aptekdən pul oğurlamaları da müəyyən edilmişdir.
Xaçmaz rayon sakini Səriyyə Qurbanova Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək oktyabrın 25-də Zərdabi kəndində atası Nemətullaya məxsus evdən 1500 manat pul və 1200 manat dəyərində qızıl əşyaları oğurlanmasını bildirmişdir.
Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Sədaqət Nəsirova saxlanılmışdır.
İyul ayının 11-də Rusiya Federasiyasının vətəndaşı Axmed Alqasanova məxsus 20.300000 rublu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhərinin 12-ci mikrorayonundakı yataqxanada qeydiyyatda olan, əvvəllər məhkum olunmuş Hümmət Məmmədov və onun oğlu Ruslan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Oktyabrın 12-də Novxanı bağlar sahəsində Nazim Manafova məxsus bağ evinin həyətindən 1 ədəd kondisioner, tikinti materialları və məişət əşyaları oğurlanmışdır.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Raqif Hüseynov yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.