OĞURLUQ ÜSTÜNDƏ YAXALANMIŞLAR
Bakı, 11 may (AZƏRTAC). Bakı Beynəlxalq Avtovağzal Kompleksində Cəlilabad rayon sakini Əsədulla Seyfullayevin cibindən 180 manat pul oğurlamaqda şübhəli bilinən Rəfail Rəhimov Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, ondan beşbarmaq götürülmüşdür.
Yevlax şəhər sakini Vüqar Hüseynov şübhəli şəxs qismində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Aparılmış araşdırmalar zamanı onun mayın 9-da Keşlə qəsəbəsinin sakini Cahan Abdalovun evindən içərisində qızıl əşyalar olan dəmir seyfi oğurlaması müəyyən edilmişdir.
Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları nəqliyyat vasitələrini qaçırdıqlarına görə tutulmuş Aqil Şirəliyevin və Mehman Sədullayevin ətraflarında əməliyyat-axtarış tədbirləri apararaq, onların Abşeron rayon sakini Hacımurad Rzaxanov və Bakı şəhər sakini Zaur Ağayevlə birgə Xırdalan qəsəbəsinin sakini Ədalət Bağırova məxsus “VAZ-21013” markalı avtomaşını qaçırmalarını da müəyyən etmişlər.
Mayın 9-da Gürcüstan vətəndaşı İrakli Çelişvilinin mənzilindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Qurbanov Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Aprelin 29-da Elminaz Camalovaya məxsus “VAZ-2107” markalı avtomaşını qaçırmaqda şübhəli bilinən Anar Bayramov Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Faktlarla bağlı araşdırmalar aparılır.