Oğuzda Milli Qurtuluş Günü qeyd olunub
Oğuz, 14 iyun, AZƏRTAC
Oğuzda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Oğuz rayon icra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, əmək kollektivləri və ictimaiyyət nümayəndələri şəhərin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Daha sonra tədbir Oğuz rayon icra hakimiyyətinin akt zalında davam edib. Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlandığını deyilib.
Vurğulanıb ki, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu və iqtisadi dirçəliş istiqamətində mühüm addımlar atılıb, neft müqavilələri imzalanıb. Ulu Öndərin siyasi nüfuzu və diplomatik məharəti nəticəsində Ermənistanla atəşkəs sazişi əldə edilib. Bu mühüm saziş dövlətin müdafiə qabiliyyətinin, iqtisadi gücünün möhkəmlənməsinə xidmət edib və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərə aparan yolu şərtləndirən mühüm amillərdən biri olub. Heydər Əliyevin dövlət quruculuğu strategiyasında milli kadr hazırlığının xüsusi yer tutduğunu söyləyərək əlavə ediblər ki, gənclərin yüksəkixtisaslı mütəxəssis kimi yetişdirilməsi, dövlət idarəçiliyində milli kadrların irəli çəkilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkənin inkişafına mühüm töhfə verib.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirildiyi, Azərbaycanın iqtisadi qüdrətinin və müdafiə imkanlarının daha da möhkəmləndiyi vurğulanıb. Bildirilib ki, Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Azərbaycan regionda söz sahibi kimi mövqeyini gücləndirib.
Müxbir - Rasim İslamoğlu