Oğuzda sel sularından mühafizə tədbirləri görülür
Bakı, 31 iyul, AZƏRTAC
Oğuz Suvarma Sistemləri İdarəsi rayon ərazisində mövcud əkin sahələrinin suvarılmasını, o cümlədən selə qarşı qabaqlayıcı tədbirlərini davam etdirir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, idarə 13 min 39 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edir. Suvarma suyu təsərrüfatlara idarənin balansındakı ümumi uzunluğu 549 kilometr olan 74 ədəd suvarma kanalları vasitəsilə öz axını ilə verilir. Suvarma kanallarının su mənbəyi Daşağıl çay, Oğuz çay, Xal-Xal çay, Qala çay və Qara su sistemləridir. Bu çaylar dağ çayları olduğundan sel suları zamanı çayların daşması kanalların tez-tez qum-çınqılla dolmasına və lillənməsinə səbəb olur. Bəzən bir kanal il ərzində bir-neçə dəfə lildən təmizlənməli olur. Birbaşa çaylardan su götürən kanalların müəyyən hissələri çay yatağında yerləşdiyindən həmin hissələr də il ərzində bir neçə dəfə təmizlənməli və bərpa olunmalıdır.
Bu il Oğuz rayonunda suvarılacaq sahələrin 2473 hektarını taxıl, 235 hektarını qarğıdalı, 113 hektarını tütün, 444 hektarını yonca, 203 hektarını bostan, tərəvəz, 5951 hektarını çoxillik əkmələr və 1794 hektarını həyətyanı əkmələr təşkil edir. Hazırda adıçəkilən əkin sahələrində suvarma davam edir.
Oğuz Suvarma Sistemləri İdarəsi suvarma ilə yanaşı, rayon ərazisindəki yaşayış məntəqələrini və əkin sahələrinin sel və daşqın sularından mühafizəsini də təşkil edir. Bu məqsədlə istismar tədbirləri planına uyğun olaraq çaylarda mexanizmlərlə çay məcrasının tənzimlənməsi, daş-beton bəndlərin təmiri işləri həyata keçirilir. Sel və daşqına qarşı mübarizə məqsədilə bu il 41 min kubmetr ekskovatorla və 159 min kubmetr buldozerlə çay məcralarının tənzimlənməsi işi görülüb.
Qeyd edək ki, 2023-cü ildə idarənin əsaslı təmir planına əsasən 4 ədəd subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlaması, bir ədədinin əsaslı təmiri, bundan əlavə Həsənbəy kanalının 1660 poqonometr hissəsinin beton üzlüyə alınması işi planlaşdırılıb. Cari təmir planına əsasən isə 1600 kubmetr həcmdə daş-beton bəndinin təmiri, 25 ədəd subartezian quyusunun cari təmiri və 25 ədəd hidropostların cari təmiri planlaşdırılıb.