REGİONLAR
Oğuzda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 3 mərkəzdə aparılıb
Oğuz, 16 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 16-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Oğuz rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Oğuz rayonunda 3 mərkəz ayrılıb. Buraxılış imtahanları Oğuz şəhərindəki 2, 3 saylı və Padar kənd tam orta məktəblərdə təşkil olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən olunub. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
DİM Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə, 522 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 7 imtahan rəhbəri və 56 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 46 otaq ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun məlumatına görə, bütün imtahan mərkəzlərində buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.