SİYASƏT
OĞUZDA YAP-IN YARADILMASININ 17-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
Oğuz, 21 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) yaradılmasının 17-ci ildönümü münasibətilə Oğuz şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətində keçirilən tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov YAP-ın ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolundan danışmış, Heydər Əliyev fenomeninin böyüklüyündən, iqtidar partiyasının dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən bəhs etmişdir. Yeni Azərbaycan Partiyasının ölkənin ən güclü siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini ön plana çəkən A.Əlihüseynov, ulu öndərin siyasi xəttinin, ideyalarının bu gün YAP-ın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmovun “17 illik şərəfli yol” mövzusunda məruzəsində partiyanın keçdiyi çətin və şərəfli yola bir daha geniş nəzər salınmış, öz ətrafında sadə insanları, ziyalıları birləşdirən rayon təşkilatının Oğuzun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs edilmişdir.
Məlumat verilmişdir ki, 70 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının 2900 nəfərə yaxın üzvü vardır. Onların 1200 nəfərdən çoxu qadın, 800 nəfəri gənclərdir. Son bir ildə 250 nəfər partiya sıralarına daxil olmuşdur. Hazırda rayon təşkilatı dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlaşır. Namizədliyi qeydə alınmış 135 nəfər YAP üzvü bu seçkilərdə hər bir yer uğrunda mübarizə aparacaqdır.
Tədbirdə YAP rayon təşkilatı qadınlar şurasının sədri Mariya Həsrətova, gənclər təşkilatının sədri Anar İbrahimov, YAP rayon təşkilatı aparatının rəhbəri Əliməmməd Babayev və başqaları çıxış edərək iqtidar partiyasının dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışmış, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı fəal rolunu xüsusi qeyd etmişlər.