Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Oksford Universitetində keçirilən “Liderlik bacarıqları” (Leadership Skills) beynəlxalq təlim proqramında iştirak edib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Almaniya, Azərbaycan, Böyük Britaniya, İtaliya, Kanada, Nigeriya, Pakistan, Polşa və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri, alimlər, nüfuzlu şirkətlərin rəhbərləri və mütəxəssislərinin iştirak etdiyi proqram çərçivəsində Oksford Universitetinin Davamlı təhsil departamenti tərəfindən 5 gün ərzində nəzəri və praktik sessiyalar keçirilib.
Sessiyalarda müasir liderlik modelləri, strateji idarəetmə, effektiv liderlik və kommunikasiya, komanda quruculuğu, innovasiyaların idarə olunması, qərarvermə mexanizmləri və təşkilati inkişaf kimi mövzular müzakirə olunub.
Tədbir zamanı ali təhsil müəssisələrinin və digər təşkilatların inkişaf strategiyaları, elmi-tədqiqat fəaliyyətinin idarə edilməsi, universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi, innovasiya ekosisteminin formalaşdırılması və qlobal akademik əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar beynəlxalq ekspertlərin təqdimatlarını dinləməklə yanaşı, qrup işlərində və interaktiv müzakirələrdə də fəal iştirak ediblər.
Proqramı uğurla başa vuran professor Asəf Zamanov müvafiq sertifikatlarla təltif olunub. Bu sertifikatlar müasir liderlik və idarəetmə sahəsində beynəlxalq səviyyədə tanınan bilik və bacarıqların təsdiqi olmaqla yanaşı, universitetdə elmi və innovativ fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
ADPU-da elm və innovasiya sahəsində həyata keçirilən islahatların əsas məqsədlərindən biri universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və innovativ fəaliyyətin təşviqidir. Oksford Universitetində keçirilən beynəlxalq təlim proqramında iştirak universitetin strateji inkişaf hədəflərinə uyğun olaraq insan kapitalının gücləndirilməsi və müasir idarəetmə yanaşmalarının tətbiqi baxımından əhəmiyyət daşıyır. Prorektorun bu nüfuzlu proqramda iştirakı ADPU-nun beynəlxalq akademik mühitdə təmsilçiliyinin gücləndirilməsi, universitetdə liderlik mədəniyyətinin inkişafı və elm-innovasiya fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində atılan səmərəli addımlardan biri kimi qiymətləndirilir.
Sonda professor Asəf Zamanov müəllifi olduğu “Kolebaniye plastin iz kompozitnoqo materiala s iskrivlennımi strukturami” adlı monoqrafiyanı Oksford Universitetinin kitabxanasına hədiyyə edib.