İQTİSADİYYAT
Oktyabrın 1-dən Bakı Metropolitenində yalnız “BakıKart”lardan istifadə etmək mümkün olacaq
Bakı, 28 sentyabr, AZƏRTAC
Oktyabrın 1-dən etibarən Bakı Metropolitenində gediş haqqının ödənişi yalnız “BakıKart”lardan istifadə etməklə mümkün olacaq.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, yeni sistemin tətbiqi ilə əlaqədar olaraq Bakı Metropoliteninin bütün stansiyalarında kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq.
Metropoliten sərnişinlərin nəzərinə çatdırır ki, “BakıKart”ların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, “BakuBus” MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsilə həyata keçirilir. QSC-dən sərnişinlərə müraciət edilərək xahiş olunub ki, metropolitendən istifadə edərkən sərnişinlər özləri ilə karta yükləyəcəkləri məbləğdə xırda pul götürsünlər.
“BakıKart”la yaranmış hər hansı problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “N.Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart analizi” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb-səhifəsinə müraciət etmək olar.