İDMAN
“Olimpə doğru” jurnalı ilin ən yaxşılarını mükafatlandırmışdır
Bakı, 25 dekabr (AZƏRTAC). Dekabrın 25-də Milli Olimpiya Komitəsinin inzibati binasında “Olimpə doğru” jurnalı ilin ən yaxşılarını mükafatlandırmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümmətov və idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Milli Olimpiya Komitəsinin aparıcı mütəxəssisi, Əməkdar jurnalist, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, “Olimpə doğru” jurnalının icraçı direktoru Murad Fərzəliyev bildirmişdir ki, dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə idman və Olimpiya Hərəkatı geniş vüsət almışdır. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Əhalinin sağlamlığı, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, onların fiziki və mənəvi sağlamlığının təmin edilməsi məqsədi ilə ölkəmizdə lazımi şərait yaradılmışdır. Paytaxtda və regionlarda tikilib istifadəyə verilən müasir tipli Olimpiya idman kompleksləri, idman zalları və stadionlar hər bir Azərbaycan vətəndaşının sağlamlığına xidmət edir.
Qeyd etmişdir ki, idmançılarımız ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlu nəticələr qazanırlar. Milli Olimpiya Komitəsinin rəsmi mətbu orqanı kimi “Olimpiya dünyası”, “Olimpə doğru” jurnalı və olimpnews.az saytı həmişə səhifələrində Azərbaycanın bayrağını yüksəkdə dalğalandıran, onun şərəfini uca tutan idmançılara, onların məşqçilərinə yer ayırır. İdmançılarımız yarışlarda əldə etdikləri uğurlardan sonra redaksiyanın qonağı olur, öz təəssüratlarını bölüşürlər.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkədə idman və Olimpiya Hərəkatının inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə idman ictimaiyyəti adından minnətdarlıqlarını bildirmişlər. Natiqlər çıxışlarında yola saldığımız 2013-cü ilin ölkəmizin idman həyatı üçün əlamətdar olduğunu diqqətə çatdırmışlar. Onlar idmançılarımızın gələn il də uğurlu nailiyyətlər qazanacağına və Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliklərini ifadə etmişlər.
Sonra “Olimpə doğru” jurnalının apardığı rəy sorğularının nəticəsində müəyyən edilən 30 nominasiya üzrə qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim edilmişdir.