OLİMPİADA REKORDLAR KİTABINI AÇACAQ
Yığma komandalar üzrə cürbəcür “rekordçular” artıq müəyyən edilmişdir. Məsələn, 1980-ci ildən sonra vyetnamlılar Oyunlarda iştirakının bütün tarixi ərzində Yunanıstana ən çox idmançı göndərəcəklər – 11 nəfər. Onlar Afinada üzgüçülük, ağır və yüngül atletika, stolüstü tennis, txekvondo, atıcılıq, baydarkalarda avarçəkmə və kanoe yarşılarında iştirak edəcəklər.
Afina Olimpiadasında ən yaşlı iştirakçı avstraliyalı qadın olacaqdır. 56 yaşlı Annet Vudvord stend atıcılığı üzrə milli komandanın heyətində Yunanıstana yola düşəcəkdir.
İlin əsas idman hadisəsi ərəfəsində Beynəlxalq Olimpiya Komitəsi müasir dövrümüzün Olimpiya Oyunlarında daha çox medal qazanmış idmançıların siyahısını açıqlamışdır.
Siyahıda ilk üç yeri əfsanəvi sovet gimnastları Larisa Latınina, Boris Şaxlin və Nikolay Andrianov tuturlar. Latınina və Şaxlin 1956-cı ildən 1964-cü ilədək üç Olimpiadada çıxış etmişlər. Latınina 18 Olimpiya medalı qazanmışdır və bunların doqquzu qızıl, beşi gümüş və dördü bürüncdür. Şaxlinin qazandığı 13 medaldan yeddisi qızıl, dördü gümüş, ikisi isə bürünc olmuşdur. Andrianov isə 1972-1980-ci illərin Olimpiya oyunlarında 15 medal, o cümlədən yeddi qızıl, beş gümüş və üç bürünc medal qazanmışdır.
Oyunların ən görkəmli mükafatçıları siyahısına qılıncoynadan Eduardo Mancirotti (13 medal), yapon gimnastları Takaşi Ono və Savao Kato (müvafiq surətdə 13 və 12 medal), fin yüngül atleti Paavo Nurmi (12), Çexslovakiya gimnastı Vera Çaslavska (11) da daxil edilmişlər. Siyahıda ABŞ-ın üç nümayəndəsi var: atıcı Karl Osborn, üzgüçülər Mark Spits və Metyu Biondi (hərəsi 11 medal). 1900-cü ildən 1908-ci ilədək Olimpiadalarda iştirak etmiş amerikalı yüngül atlet Rey Evri siyahıda xüsusi yer tutur. İdmançının qazandığı on medalın hamısı qızıldır. Ondan sonra heç kim Olimpiadanın bu qədər qızıl medalını qazanmamışdır.